SİYASƏT
DEMOQRAFİK PROBLEMLƏRƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Konfransda giriş sözü ilə çıxış edən İqtisadiyyat İnstitutunun direktoru, MEA-nın müxbir üzvü, professor Şahbaz Muradov son onillikdə Azərbaycanda əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə ictimai həyatın sosial, iqtisadi və siyasi aspektlərini əhatə edən islahatların aparıldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini demişdir. O, müasir mərhələdə cəmiyyətin normal inkişafının təmin edilməsində mövcud sosial-iqtisadi problemlərin həlli, ölkədə baş verən demoqrafik proseslərin, əhalinin məşğulluq və işsizlik problemlərinin nəzərə alınmaqla həll olunmasının vacibliyini diqqətə çatdırdı.
Məşğulluq sahəsindəki reallıqlar və problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sosial-iqtisadi problemləri, əməyin təşkili və mühafizəsi məsələləri və sair mövzularda çıxış edən natiqlər aparılacaq müzakirələrin cəmiyyətin sosial-iqtisadi inkişafı yolunda mühüm əhəmiyyət kəsb etdiyini və bu məqsədlə keçirilən elmi-praktik konfransın məqsədəuyğun olduğunu bildirdilər.
Tədbirin iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanının xalqımız tərəfindən hədsiz sevinc hissi ilə qarşılandığını və bu sənədin əhalinin sosial rifahına nəzərəçarpacaq dərəcədə təsir göstərəcəyinə əmin olduqlarını bildirdilər.
Konfrans noyabrın 28-də öz işini başa çatdıracaqdır.