DEMOQRAFİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ İCLAS KEÇİRİLMİŞDİR
AzerTAg.az
İyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində respublika Prezidentinin “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının hazırlanması üzrə Dövlət Əlaqələndirmə Komissiyasının tərkibi barədə” Sərəncamının icrası ilə əlaqədar Dövlət Əlaqələndirmə Komissiyasının iclası keçirilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi, maliyyə, iqtisadi inkişaf, ədliyyə, səhiyyə nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Həmkarlar İttifaqları Konfederasiyasının, MEA-nın iqtisadiyyat və coğrafiya institutlarının nümayəndələrindən təşkil olunmuş Dövlət Əlaqələndirmə Komissiyasının əsas vəzifəsi demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının hazırlanmasından ibarətdir. Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev iclası giriş sözü ilə açaraq, respublikamızda əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının inkişafından, reproduktiv sağlamlıq, təhsil, gender siyasəti, məşğulluq, miqrasiya sahəsində bir sıra proqramların həyata keçirilməsindən danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun uğurla həyata keçirilməsi nəticəsində demoqrafiya siyasətinin və əhali sakinliyi sisteminin ölkənin sosial-iqtisadi inkişafına uyğun formalaşmasına imkanlar yaranmışdır.
İclasda Dövlət Proqramının elmi əsaslar üzrə hazırlanması məqsədi ilə zəruri işlərin görülməsi üçün Komissiyanın nəzdində əlaqədar qurumların mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması, cari ilin sentyabrın 8-dək Komissiya üzvlərinin rəyi nəzərə alınmaqla Dövlət Proqramının hazırlanıb təqdim edilməsi nəzərdə tutulmuşdur.
Əli Nağıyev Prezidentin Sərəncamından irəli gələn vəzifələri Komissiyanın uğurla yerinə yetirəcəyinə, beynəlxalq normalara uyğun Dövlət Proqramının hazırlanacağına ümidvar olduğunu bildirmişdir.
Digər çıxış edənlər Dövlət Proqramının hazırlanmasına, Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş öhdəliklərin, normaların ratifikasiyası və həyata keçirilməsinə dair görülən işlər barədə məlumat vermişlər. İclas iştirakçıları Dövlət Proqramının icrası ilə bağlı əlaqələndirməni təmin etmək məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını məqsədəuyğun saymışlar.
Xəbərin mətnində orfoqrafik səhv var