SİYASƏT
DEPUTATLAR ƏLİLLƏRİN MƏŞĞULLUĞUNUN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLI DƏYİŞİKLİYİ QƏBUL ETMƏDİLƏR
AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı deputatlar bəzi qanunların qüvvədən düşməsinə razılıq versələr də “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə etirazlarını bildirmişlər.
Həmin maddənin mövcud variantında deyilir ki, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda mövcud olan hər 25 iş yerindən biri əlillər üçün nəzərdə tutulur. Təklif olunan dəyişiklikdə isə rəqəm götürülür və deyilir ki, əlillər üçün qanunvericilkdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir.
Milli Məclis üzvlərinin fikrincə, idarə, müəssisə və təşkilatlar bundan istifadə edərək cəmiyyətin aztəminatlı təbəqəsinə, xüsusən də əlillərə qayğı göstərməkdən yayınacaqlar. Layihə müəllifləri isə bu dəyişikliyin məhz əlillərin sosial müdafiəsinə yönəldiyini bildirmişlər. Onların sözlərinə görə, işəgötürənlər əvvəllər 25 nəfərlik iş yerinin olmadığını iddia edərək əlilləri işlə təmin etməkdən imtina edirdilər. Yeni dəyişiklik isə bu bəhanələri aradan qaldırmağa xidmət edir.
İzahatla razılaşmayan deputatlar layihəni daha da təkmilləşdirmək üçün yenidən işçi qrupuna qaytarmışlar.
Sonra “Meliorasiya və irriqasiya haqqında” və bəzi digər qanunvericilik aktlarına əlavə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır.
Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, adı çəkilən qanuna müvafiq olaraq, 2000-ci ildən yerlərdə Sudan İstifadəedənlər Assosiasiyalarının yaradılmasına başlanılmışdır və bu gün 500-dən çox belə qurum fəaliyyət göstərir. Lakin indiyədək assosiasiyalara dair qanun olmadığından onlar məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçir və buna görə də nizamnamələri assosiasiyaların məqsədlərinə ziddir. Dünya Bankının Azərbaycana yardım strategiyasına müvafiq olaraq “Suvarma paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi” layihəsi hazırlanmışdır. Layihədə “Meliorasiya və irriqasiya haqqında” Qanuna Sudan İstifadəedənlər Birliyinin yaradılması və fəaliyyəti barədə 15 maddədən ibarət yeni bir fəsil və 11 maddəyə müvafiq əlavə və dəyişikliklər təklif olunur.
Deputatlar əlavə və dəyişiklikləri tam məqsədəuyğun saymış və layihə təsdiq edilmişdir.
Sonra “Milli təhlükəsizlik haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsinə başlanılmışdır. Sənədin müzakirəsi gələn iclasda davam etdiriləcəkdir.