İQTİSADİYYAT
DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir
Bakı, 2 oktyabr, AZƏRTAC
Gömrük orqanlarında xidmət etmək şərəfdir.
Bunu AZƏRTAC-a qəbul imtahanlarında 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) "İqtisadiyyat" ixtisası üzrə təhsil alan Vəfa Əliyeva deyib.
Niyə məhz Dövlət Gömrük Komitəsinin Akademiyasını seçmişiniz sualını cavablandıran Vəfa Əliyeva bildirib ki, hələ uşaqlıqdan həmişə rütbə daşıyan peşə sahiblərinə böyük maraq göstərib: “Gömrük işi məni hər zaman cəlb edirdi. Ali məktəblərə qəbul imtahanlarında II qrupu da məhz buna görə seçdim. Gömrük orqanlarında xidmət etmək şərəfdir”.
Bu peşənin daha çox kişilərə aid olan iş kimi qəbul edilməsi fikrinə münasibət bildirən Vəfa Əliyeva belə cavab verib: “Mən peşəni kişi və ya qadın işinə bölmürəm. Əgər öz işində bacarıqlı olursansa, yaxşı mütəxəssis kimi yetişərək tapşırılan işi layiqincə yerinə yetirirsənsə, bunun heç bir fərqi yoxdur. Dünyada, o cümlədən bizim ölkəmizdə kifayət qədər uğurlu və öz sahəsi üzrə irəli gedən qadınlar var. Məncə, işimin öhdəsindən layiqincə gələcəm. Öz üzərimdə daim çalışıb gələcəkdə də biliklərimi artıracam. Yaxşı mütəxəssis olmağa çalışacam. Bu ixtisası seçərkən mən bütün məsələləri nəzərə almışam”.