CƏMİYYƏT
DGK “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirib






Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Zirə Mədəniyyət Mərkəzi-Eko Parkda uşaqlar üçün “Uşaqlar bizim gələcəyimizdir” adlı festival təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycanda uşaqların sağlam, xoşbəxt böyüməsi və hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xidmət edən dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi, müasir standartlara uyğun təhsil və tərbiyə alması, savadlı, bilikli vətəndaş kimi yetişməsi üçün müxtəlif proqramlar icra olunur.
Festival çərçivəsində uşaqlar Eko Parkın ərazisində ağaclar və güllər əkib, bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif əl işləri hazırlayıblar. Həmçinin uşaqlar üçün cizgi film personajları və nağıl qəhrəmanlarının iştirakı ilə intellektual, musiqili, əyləncəli oyunlar təşkil edilib, onlara hədiyyələr təqdim olunub.