ELM VƏ TƏHSİL


DİA-da elmi konfrans: Yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, elmi konfransda dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları, hüquqşünas alimlər, nüfuzlu ekspertlər, ictimai-siyasi xadimlər və gənc hüquqşünaslar iştirak ediblər.

Onlayn konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Urxan Ələkbərov Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə yol açdığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi vurğulayıb. Bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını Prezidentin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Daha sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək bildirib ki, ölkəmizdə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq önəmli addımlardan biridir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov vəkillik institutunun tarixinə ekskurs edərək müqayisəli təhlil aparıb, Azərbaycanda müasir vəkilliyin dünya ölkələrinin vəkillik qurumları ilə müqayisədə əhəmiyyətli müsbət dəyişikliyə məruz qaldığını bildirib, bu dəyişikliyin ölkə rəhbəri tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirildiyini vurğulayıb. Eyni zamanda, hüquq təhsilinin əhəmiyyətini, ölkədə bu sahədə təhsil alan gənclərə xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyinə diqqət çəkib.

DİA-nın Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin moderatorluğu ilə davam edən elmi konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Ziyafət Əsgərovun “Müasir dövlət quruculuğu dövründə hüquqşünas kadrlara qoyulan tələblər”, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru, professor Qulu Novruzovun “Gömrük xidmətinin səmərəliliyində hüquqi biliklərin rolu”, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin “Yüksəkixtisaslı hüquqşünas kadrlar insan hüquq və azadlıqlarının təminatını şərtləndirən amillərdən biri kimi”, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Mübariz Əhmədovun “Müasir çağırışlara cavab verən kadr korpusunun formalaşdırılması prokurorluqda aparılan ardıcıl islahatların başlıca hədəflərindən biri kimi”, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyevanın “Azərbaycanda hüquq təhsili: tarix və müasirlik”, Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyevin “Hüquq təhsili fənlərarası yanaşma kontekstində”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 saylı elm sahələri şöbəsinin müdiri, dosent Mübariz Məmmədlinin “Hüquq elmləri sahəsində müasir çağırışlara uyğun yüksəkixtisaslı mütəxəssis hazırlığına yeni yanaşma”, DİN-in Polis Akademiyası rəisinin 1-ci müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor, Əməkdar müəllim Mahir Əhmədovun “Polis Akademiyasında kadr hazırlığının xüsusiyyətləri”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən, hüquq üzrə fəlsəfə doktoru, dosent, baş ədliyyə müşaviri Elçin Xələfovun “Azərbaycanda yeni nəsil peşəkar hüquqşünas kadrların hazırlanması məsələləri”, DİA-nın Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin “Elmə əsaslanan təhsil yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanmasının əsas şərtlərindən biri kimi”, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirovun “Azərbaycanda peşəkar hüquqşünas kadrların hazırlanması; problemlər və perspektivlər”, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillik yüksəkixtisaslı kadrların hazırlanmasında əsas institutlardan biri kimi”, DİA-nın Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyevin “Yüksəkixtisaslı hüquqşünas kadrlarının hazırlanması müasir çağırışlar kontekstində” adlı mövzularda məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.