ELM VƏ TƏHSİL
DİM: 13 dövlət orqanında mövcud olan 47 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
Bakı, 20 may, AZƏRTAC
Aprelin 4-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 13 dövlət orqanında mövcud olan 47 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 163 namizədlə 169 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə müraciəti vəziyyəti Bakı Apellyasiya Məhkəməsinin Aparatı, məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 19 namizəd) üzrə yaranıb.
Müsahibələrin mayın 26-dən iyunun 16-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.