ELM VƏ TƏHSİL


DİM: Bu gün 1900-dən çox abituriyent hərbi liseylərə qəbul imtahanı verəcək

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hərbi liseylərə qəbul imtahanında 1911 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- imtahana buraxılış vərəqəsi;

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan və liseylərə qəbul imtahanında iştirak edən abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.