ELM VƏ TƏHSİL
DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzi kimi azyaşlı öyrənənlər üçün imtahan keçirib
Bakı, 4 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM)“Cambridge Assessment English”in rəsmi test mərkəzi kimi azyaşlı öyrənənlər (Young Learners) üçün imtahan keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçirilmiş imtahanda 18 nəfər iştirak edib.
Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir.
İmtahan azyaşlılar üçün hazırlanmış hər üç kvalifikasiya (PreA1 Starters, A1 Movers və A2 Flyers) üzrə keçirilib.
Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə)”, “Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris)” və “LinguaSkill” imtahanlarını təklif edir.
“Cambridge” imtahanları barədə ətraflı məlumatı link və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.