ELM VƏ TƏHSİL
DİM “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb
Bakı, 12 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi istiqamətində fəaliyyətin təşkili və dövlət qurumlarında idarəçiliyin inkişaf etdirilməsi məqsədilə daxili nəzarətin həyata keçirilməsi məqsədilə “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” adlı layihə reallaşdırılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, DİM tərəfindən təşkil olunan bu layihə Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində dəstəklənir.
Layihə ilkin mərhələ üzrə fevralın 11-də “Dövlət idarəçiliyində daxili nəzarət mexanizmlərinə giriş” adlı onlayn seminar ilə başlayıb və iki gün davam edib. Seminarda dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrdən 52 nümayəndə iştirak edib.
Seminarda SIGMA ekspertləri tərəfindən daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə dövlət idarəçiliyində daxili nəzarət mexanizmi ilə bağlı əsas anlayışlar, mexanizmin (idarəçilik və nəzarət) səciyyəvi elementləri, nəzarət və auditin planlaşdırılması və həyata keçirilməsi haqqında məlumatlar təqdim olunub.
Onlayn görüşün ikinci günündə əcnəbi ekspertlərlə Azərbaycanın dövlət orqanlarının müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları arasında praktiki müzakirələr aparılıb.