ELM VƏ TƏHSİL
DİM: Pandemiya şəraitində 19 növ müxtəlif təyinatlı imtahan təşkil olunub
Bakı, 24 sentyabr, AZƏRTAC
Pandemiya şəraitində iyunun 10-dan sentyabrın 20-dək ölkənin bütün rayon və şəhərlərini əhatə etməklə 14 imtahan günündə 9 və 11-ci siniflər üzrə buraxılış, Azərbaycan dili, əvvəlki illərin məzunları üçün qəbul, eləcə müxtəlif növ digər imtahanlar keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, avqust ayında isə 4 imtahan günündə 35 şəhər və rayonda I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi təşkil olunub.
Ümumilikdə 19 növ müxtəlif təyinatlı imtahan keçirilib. Bu imtahanlarda 307 min nəfər iştirak edib.
Bundan başqa, dövlət qulluğuna qəbulun müsahibə mərhələsinin təşkili, qiymətləndirmənin onlayn şəkildə keçirilməsi məqsədilə DİM mütəxəssisləri tərəfindən xüsusi proqram təminatı işlənib hazırlanıb və iyul ayından etibarən proqramın tətbiqinə başlanıb. Proqram vasitəsilə bu günədək onlayn qaydada 882 müsahibə keçirilib.