ELM VƏ TƏHSİL


DİM bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib

Bakı, 6 iyul, AZƏRTAC

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin hərəkətlər üzrə nəticələri onların 11 illik təhsil bazasından kolleclərin idman ixtisaslarına qəbul üçün qeydiyyatdan keçdikləri qabiliyyət imtahanı komissiyalarına şamil ediləcək.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların məşqçilik (61, 62, 78, 79, 84 və 85-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunub. Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin idman ixtisaslarına qəbul üçün bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların fiziki tərbiyə müəllimliyi (152, 452, 552, 652, 752, 852 və 952-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə şamil olunub.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanına gələn abituriyentlər aşağı qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahana gələrkən mütləq özləri ilə sağlam olduqlarını təsdiq edən sağlamlıq arayışını gətirsinlər. Gecikən abituriyentlər imtahana buraxılmayacaq.

Qeyd edək ki, qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı - keçirilməyən imtahanlara şamil oluna bilər.

Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.