ELM VƏ TƏHSİL
DİM-də Çin Ədliyyə Nazirliyinin baş müşaviri Pu Tzenfanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov ilə Çin Xalq Respublikasının Azərbaycanda səfərdə olan Ədliyyə Nazirliyinin nümayəndə heyəti arasında DİM-in fəaliyyəti ilə tanışlıq məqsədilə görüş keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev DİM haqqında ümumi məlumat verib. Qeyd edib ki, DİM Azərbaycanda bilik və bacarıqların qiymətləndirilməsi sahəsində ixtisaslaşmış qurumdur və ümumi təhsil pilləsində təhsilalanlar üçün buraxılış imtahanları, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəzin il ərzində keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 600 mindən çox insan iştirak edir və keçirilən bütün imtahanların nəticələrinin elmi-statistik təhlili “Abituriyent” jurnalının 12 saylı buraxılışında dərc olunur. Bu məlumatların təhlili təhsilin inkişafı ilə bağlı strateji qərarların qəbul olunması üçün böyük əhəmiyyət kəsb edir.
DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov isə Mərkəzin, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etməsi və dövlət qulluğuna qəbul üçün test imtahanları keçirməsi haqqında məlumat verib. Sədr müavini vurğulayıb ki, DİM-in bu sahədə əsas vəzifələrindən biri dövlət qulluğuna qəbulu müsabiqə əsasında, şəffaf şəraitdə həyata keçirməkdən ibarətdir. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” haqqında danışan Bəhram Xəlilov Strategiyanın əsas məqsədinin dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması olduğunu qeyd edib.
Qonaqlar sentyabrın 22-dən 27-dək Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının 45-ci illik konfransı haqqında da məlumatlandırılıb.
Çin nümayəndə heyətinin rəhbəri Pu Tzenfan qeyd olunan işləri müsbət qiymətləndirib və hüquq mühafizə orqanlarına işə qəbul sahəsində qurumlararası əməkdaşlığın yaradılması, bu sahədə təcrübə mübadiləsi aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və digər məsələlər üzrə həyata keçirilən işlərə dəstək göstərməyə daim hazır olduğunu bildirib.
Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.