ELM VƏ TƏHSİL
DİM-də Özbəkistanın Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib
Bakı, 23 may, AZƏRTAC
Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin (Agentlik) nümayəndə heyəti mayın 23-dən 27-dək ölkəmizdə səfərdədir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, səfərin məqsədi açıq rəqabət sisteminin optimallaşdırılması, milli kadr ehtiyatının formalaşdırılması, habelə dövlət qulluğuna namizədlərin seçimində şəffaflığın, ədalətliliyin və obyektivliyin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsini öyrənməkdir. Bu məqsədlə beşgünlük proqram çərçivəsində nümayəndə heyətinə ölkəmizin dövlət qulluğu sistemi barədə müxtəlif təqdimatların edilməsi, həmçinin dövlət idarəçiliyi və vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi üzrə ən yaxşı təcrübənin nümayiş etdirilməsi üçün bir sıra qurumlarla müvafiq görüşlərin təşkili planlaşdırılır.
Nümayəndə heyətinin tərkibi Özbəkistanın Dövlət Qulluğunun İnkişafı Agentliyinin Kadrların idarə olunması şöbəsinin müdiri İlham Jumakuloviç Qurbanov, Dövlət orqanlarında və təşkilatlarında kadrlarla işin əlaqələndirilməsi şöbəsinin müdiri Abbas Aşrapoviç Əkrəmov, Dövlət qulluqçularının hüquqlarının müdafiəsi və onlara şərait yaradılması şöbəsinin müdir müavini Şuxrat Muratoviç Mamadjanov, Milli kadrlar ehtiyatı ilə iş şöbəsinin baş inspektoru Timur Qənijanoviç Abdullayev, Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının baş müfəttişi Akmal Səfərbəyeviç Əzizov və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Bəhram Qaibovdan ibarətdir.
Səfərin ilk günündə nümayəndə heyəti ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi və avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.
Daha sonra DİM-in Direktorlar Şurasınin sədri Məleykə Abbaszadə, sədrin müavinləri Bəhram Xəlilov və Namiq Babayev, Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseynin iştirakı ilə qonaqlar arasında görüş keçirilib. Özbəkistan nümayəndə heyəti üçün Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul sisteminə dair təqdimat nümayiş etdirilib.
Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanlarında və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır.