ELM VƏ TƏHSİL
DİM-də coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” təhlil edilib.
İclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər. Onların hər biri əvvəlki iclaslarda təqdim edilmiş meyarlar əsasında onlara tapşırılmış dərsliyin elmi metodik monitorinq nəticələrini təqdim edib. Onlara qapalı, cavabı kodlaşdırıla bilən açıq tipli və cavabı yazı ilə ifadə olunan situasiya tapşırıqların yazılması da tapşırılıb.
Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.