ELM VƏ TƏHSİL
DİM dövlət qulluğuna qəbul üzrə “1000 test tapşırığı” toplusunu nəşr edəcək
Bakı, 1 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlara köməklik məqsədilə “1000 test tapşırığı” toplusu nəşr ediləcək.
Bu barədə AZƏRTAC-a DİM-dən xəbər verilib. Bildirilib ki, Mərkəz tərəfindən müvafiq məqsədlə tərtib olunmuş “500 test tapşırığı” toplusu 2019-cu ildə nəşr olunarkən bu istiqamətdə işlərin davam etdiriləcəyi qeyd olunmuşdu. Keçən dövr ərzində test imtahanına hazırlaşanların istəyi nəzərə alınaraq həmin toplunun və 2018-ci ildə nəşr olunmuş “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” adlı metodik vəsaitin müəyyən redaktələrlə təkrar nəşri həyata keçirilib. Eyni zamanda, DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Dövlət qulluğu” jurnalı dövri olaraq nəşr edilib, jurnala test imtahanında istifadə olunan düzgün cavablandırma faizi aşağı olan test tapşırıqlarının düzgün cavablandırılması üçün elmi-metodik izahı və tövsiyələr, bu sahədə daha çox istifadə olunan qanunvericilik aktları, müsabiqənin test imtahanı və müsahibələrin nəticələrinin statistik təhlili, dövlət qulluğu ilə bağlı ictimaiyyəti daha çox maraqlandıran suallara müvafiq cavablar və digər lazımi materiallar daxil edilib.
Hazırda DİM-in namizədlərə təqdim etdiyi “1000 test tapşırığı” toplusu əvvəl nəşr olunmuş “500 test tapşırığı” toplusuna daxil edilmiş tapşırıqlar da saxlanılmaqla 1000 test tapşırığına tamamlanaraq yeni tərtibatda hazırlanıb. Məlum olduğu kimi, əvvəlki topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri - Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib və toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə hər variant 100 test tapşırığından ibarət olmaqla beş variantda tərtib olunub. “1000 test tapşırığı” toplusuna daxil edilən tapşırıqlar da test imtahanı mərhələsində yoxlanılan bilik sahələrinin proqramları əsasında hazırlanıb və bilik sahələri üzrə ayrı-ayrı bloklar şəklində verilib. Topluya Azərbaycan dili üzrə 150, qanunvericilik üzrə 400, informasiya texnologiyaları üzrə 150, məntiqi təfəkkürün yoxlanılması üzrə 300 test tapşırığı daxil edilib və düzgün cavablar öz əksini tapıb.
Yaxın günlərdə test toplusunu DİM-in inzibati binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək mümkün olacaq.