ELM VƏ TƏHSİL


DİM dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirəcək

Bakı, 6 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlər DİM-in saytında yerləşdirilmiş linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 11-də başlanır. Namizədlər saat 10-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.

Namizədlər imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları ilə DİM-in saytında yerləşdirilmiş linkdən tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.