ELM VƏ TƏHSİL
DİM imtahan nəticələri ilə bağlı apelyasiya prosesi təşkil edəcək
Bakı, 16 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif şagirdləri üçün iyunun 24-də və 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün mərkəz tərəfindən iyulun 27-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.