ELM VƏ TƏHSİL


DİM-in əməkdaşları Gürcüstanda dövlət qulluğu üzrə təlimdə iştirak ediblər

Bakı, 16 may, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlığı (ŞT) Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı və ŞT ölkələrinin iştirakı ilə Dövlət İdarəçilik İslahatı üzrə II “Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi (PTT)” layihəsinin ilk təlimi baş tutub.

Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov regional layihənin “ŞT ölkələrinin dövlət qulluğunda regional rəhbər qrupu üçün idarəetmə və liderlik” üzrə təlim kursunda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.

Təlim kursu “Liderliyin tələbləri və spesifik problemləri”, “Müasir liderlik”, “Peşəkar ünsiyyət üsulları”, “Məqsədlərin müəyyən edilməsi”, “Planlaşdırma və mümkün müdaxilələr”, “Təşkilatda proseslərin təhlili”, “Xidmətlərin idarə edilməsi və müştərilərə qayğı”, “Təşkilatın marketinqi” kimi mövzularda Almaniyanın dövlət qulluğu və özəl xidmət sektorunda həmkarlar ittifaqlarının aparıcı təşkilatı olan “DBB Academy”nin direktoru Hans Coaşim Rieger tərəfindən aparılıb.

Regional layihənin məqsədi dövlət sektorunda müntəzəm qarşılıqlı təcrübə mübadiləsi yolu ilə müasir təlim yanaşmalarını inkişaf etdirmək və praktiki dəstək verməkdir.

2022-ci ilin yanvar ayından başlayan layihənin 2024-cü ilin oktyabr ayınadək davam etməsi planlaşdırılır. 2 illik regional layihə çərçivəsində müxtəlif təlimlər nəzərdə tutulub və layihə 6 təlim modulu ilə 3-5 günlük təlimi əhatə edir.

Azərbaycandan həmin layihədə Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət İdarəçilik Akademiyası iştirak edir.

Xatirladaq ki, 2021-ci il avqustun 30-da Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondu və GIZ Regional Fondunun birgə təşkilatçılığı və ŞT ölkələrinin iştirakı ilə “Peşəkar dövlət qulluğu, habelə texniki peşə təhsili və təlimi” layihəsi üzrə onlayn planlaşdırma görüşü keçirilib. Görüşdə müvafiq ölkələrin nümayəndələri arasında regional layihələrin təşkili üçün təkliflər hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Gürcüstana səfər zamanı DİM-in nümayəndələri Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze və dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında aparıcı qurum olan Gürcüstan Dövlət Qulluğu Bürosunun direktoru Katerine Kardava ilə də görüşlər keçirib, iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə müzakirələr aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.