ELM VƏ TƏHSİL
DİM-in əməkdaşları Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Gürcüstanda keçirilən tədbirdə iştirak ediblər
Bakı, 11 noyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondu və GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı) Regional Fondunun birgə təşkilatçılığı ilə “Peşəkar dövlət qulluğu və peşə təhsili və təlimi” layihəsi çərçivəsində “Dövlət qulluğunda vəzifələrin dəyişməsi - yeni reallıqlar, imkanlar və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, tədbirdə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin sektor müdiri Elnur Abbasov və Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi Könül Səlimova iştirak ediblər. Tədbir zamanı Elnur Abbasov tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluğu sistemi: problem və çağırışlar” mövzusunda təqdimat edilib, ölkə təcrübəsi və DİM-in bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verilib.
Tədbir müddətində dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin bölgüsü, vəzifələrin tutulma şərtləri, dövlət qulluğunda təlim tələbatlarının müəyyən edilməsi, təlimlərin təşkili və s. məsələlər müzakirə olunub.