ELM VƏ TƏHSİL
DİM-in əməkdaşları dövlət qulluğuna qəbul sistemi sahəsində Litva təcrübəsini öyrəniblər
Bakı, 13 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları yeni vəzifə təsnifatı sisteminə əsaslanaraq dövlət qulluğuna qəbul sisteminin daha da təkmilləşdirilməsi sahəsində təcrübənin öyrənilməsi ilə əlaqədar Litvanın paytaxtı Vilnüsdə təlim keçiblər. Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
Təlim DİM-in həyata keçirdiyi və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində reallaşıb. DİM-in təşkilat şöbəsinin müdiri Azər Bağırov və regional bölmələrinin müdirləri təlimdə Litvanın dövlət qulluğuna qəbul sistemi, dövlət qulluğuna qəbulda müsabiqələrin idarə olunmasına yardım edən xüsusi alətlər və sistemlər, əsasən də dövlət qulluqçularının reyestri və dövlət qulluğu məlumat sistemləri mövzusunda təlim keçiblər. Onlar təlim zamanı dövlət qulluğuna qəbul prosesi, dövlət xidmətləri məlumat sistemi, dövlət qulluğunda kompetensiya modeli və onun qəbul sistemi ilə əlaqəsinə dair ətraflı məlumat toplayıb, bu sahədə qabaqcıl təcrübə və nümunələrlə tanış olublar.
Təlimdə Litvanın Dövlət Qulluğu Departamentinin hüquq və monitorinq şöbəsinin müdiri xanım İnga Sirutaviče təmsil olunduğu qurumun işi, seçim şöbəsinin müdiri Arvydas Kazlauskas dövlət qulluğuna qəbul sistemi və qəbul texnikaları, reyestr və məlumat sistemləri şöbəsinin rəhbəri Paulius Striška dövlət qulluğuna qəbulda informasiya texnologiyaları sistemi, departamentin digər əməkdaşı xanım Reda Rekašienė Litvada dövlət qulluğu və dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsinin əsas cəhətləri haqqında ətraflı məlumat veriblər.
Sonra Litva Daxili İşlər Nazirliyində görüş keçirilib. Görüşdə nazirliyin insan resursları departamentinin siyasət sektorunun müdiri Adrianas Mečkovskis 2019-cu ildən Litvada tətbiq ediləcək yeni mərkəzləşdirilmiş dövlət qulluğuna qəbul sistemi ilə bağlı təlim iştirakçılarını məlumatlandırıb.
Təlim DİM-in əməkdaşlarına Avropa İttifaqı üzvü olan Litvanın yeni vəzifə təsnifatı sisteminə əsaslanan dövlət qulluğuna qəbul sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı ətraflı məlumat toplamaq imkanı verib. Əldə olunan biliklər Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün tvinninq layihəsində istifadə ediləcək.