ELM VƏ TƏHSİL


DİM inzibati icraçı vəzifələr üzrə imtahanda iştirak etmiş namizədlər haqqında statistik məlumatları açıqlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə sentyabrın 10-da keçirdiyi dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında bəzi statistik məlumatları təqdim edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş namizədlərin 730-u kişi, 687-si qadın olub. Kişilər üzrə 661 nəfər (qeydiyyatdan keçənlərin 90,5 faizi), qadınlar üzrə isə 625 nəfər (qeydiyyatdan keçənlərin 91 faizi) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 21 nəfər (10 kişi, 11 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 6 nəfər (1 kişi, 5 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 8 nəfər imtahanı uğurla keçib.

İmtahanda müvəffəqiyyət əldə etmiş 516 nəfər (uğur əldə edənlərin təqribən 82,4 faizi, 241 kişi və 275 qadın) 20 29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 102 nəfər (40 kişi və 62 qadın) lazım olan balı toplaya bilib.

DİM-in saytında verilmiş cədvəldən də göründüyü kimi, imtahanda uğur qazanan namizədlərin 595 nəfəri, yəni təqribən 95 faizi yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 31 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfəri (44, 2 faiz) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 730 kişidən 283 nəfər (38,8 faiz), 687 qadından isə 343 nəfər (49,9 faiz) uğur əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahanda sertifikat əldə edən şəxslər vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.