ELM VƏ TƏHSİL


DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək

Bakı, 23 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq.

Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Bu sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2019-cu il aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan bölməsi, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803 nəfəri oğlan, 4955 nəfəri qızdır. 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183 nəfər isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar təşkil olunur. təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.