ELM VƏ TƏHSİL
DİM magistraturaya qəbul üçün xüsusi qabiliyyət imtahanları keçirib
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 68, 69 və 70-ci proqramlar üzrə ali təhsil müəssisələrinin magistraturalarının xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qəbul imtahanları keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bakalavrlar 29 Qabiliyyət İmtahanı Komissiyası üzrə imtahanlarda iştirak ediblər. İmtahanlar Bakı şəhərində 4 binada təşkil olunub. 232 bakalavrın iştirak etdiyi xüsusi qabiliyyət imtahanlarında məqbul qiymət almış bakalavrlar ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. İmtahan binası əvvəlcədən dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.
İmtahan binasına buraxılış rejiminin növbə ilə – tələb olunan sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.