ELM VƏ TƏHSİL
DİM: mayın 21-22-də keçiriləcək imtahanlarda 60 nəfər fiziki məhdudiyyətli abituriyentin iştirakı gözlənilir
Bakı, 19 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 21-də III ixtisas qrupu, mayın 22-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Mayın 22-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mayın 21-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21 min 521, mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 22 min 878 nəfər olmaqla, ümumilikdə 44 min 399 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların imtahanı rahat verməsi üçün ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.