ELM VƏ TƏHSİL


DİM qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim ediləcək.

I qrup

II qrup

III qrup

IV qrup

 

Riyaziyyat

 

Fizika

 

Kimya

Riyaziyyat

 

Coğrafiya

 

Tarix

Azərbaycan (rus) dili

Tarix

 

Ədəbiyyat

Biologiya

 

Kimya

 

Fizika

İmtahanda iştirak etmək üçün internet vasitəsilə 28337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində ümumilikdə 55 binada təşkil olunacaq.

Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Abituriyentlər imtahana qeydiyyatdan keçən zaman onların şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülən şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçən abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. Buraxılış rejiminin yeni qaydalarına əsasən imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları bunu nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə cavab kartında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanıb. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanların idarə edilməsi üçün 180 imtahan rəhbəri, 1654 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.