ELM VƏ TƏHSİL
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran, Xaçmaz, Şəmkir, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı və Qubada olmaqla 22 şəhər və rayonda təşkil edilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1450 nəzarətçi–müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb olunub.
Bugünkü imtahanlarda ümumilikdə 14 min 426 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 9 min 421 nəfər I ixtisas qrupu, 5 min 5 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir. Abituriyentlərdən 13 min 423 (I qrup – 9040, IV qrup - 4383) nəfər Azərbaycan, 1003 (I qrup - 381 IV qrup - 622) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7 min 320 (I qrup - 6049 IV qrup - 1271) nəfəri oğlan, 7 min 106 (I qrup – 3 min 372, IV qrup – 3 min 734) nəfəri isə qızdır.
12 min 507 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1694 nəfər əvvəlki illərin məzunudur. 35 nəfər ali təhsil müəssisələrinin, 190 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 50 abituriyent xarici ölkə vətəndaşıdır.
İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.