ELM VƏ TƏHSİL


DİM tərəfindən doqquz dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib

Bakı, 5 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 5-dən doqquz dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ümumi müsahibəyə çıxarılan vəzifələrdən beşi A növü - inzibati rəhbər vəzifələr üzrə, 28-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələrdən beşi A növü - inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – üç vəzifə, İqtisadiyyat Nazirliyi- iki vəzifə), 28-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Əmlak Məsələləri Dövlət Komitəsi üzrə – 16 vəzifə, Hesablama Palatası üzrə – iki vəzifə, Dövlət Xəzinədarlığı Agentliyi üzrə – bir vəzifə, Şabran Rayon Məhkəməsi üzrə – iki vəzifə, Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə – üç vəzifə, Təhsil Nazirliyi üzrə – iki vəzifə, Cəbrayıl Rayon Məhkəməsi üzrə – bir vəzifə və Kəlbəcər Rayon Məhkəməsi üzrə – bir vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin ikinci təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəisi, inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində strateji planlaşdırma və proqnazlaşdırma şöbəsində sektor müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin altıncı təsnifatına uyğun olan həmin komitənin yanında Hərracların təşkili üzrə auksion mərkəzinin direktorunun müavini vəzifələridir.

Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər. Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Artıq regionlarda yaşayan vətəndaşların sənəd qəbulu üçün Bakıya gəlmələrinə də ehtiyac olmayacaq.

Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, DİM-in tələbi əsasında müvafiq sənədlərin müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə DİM-in internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və iyulun 5-dən avqustun 5-i saat 18.00-dək (30 gün müddətində) DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.