İQTİSADİYYAT


DİM üzrə layihəyə minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə birləşdirən hədəf və göstəricilər əlavə olunacaq

DİM üzrə layihəyə minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə birləşdirən hədəf və göstəricilər əlavə olunacaq

Bakı, 14 mart, AZƏRTAC

Dayanıqli İnkişaf Məqsədləri (DİM) üzrə milliləşdirilmiş layihəyə minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci DİM-ə uyğun hədəf və göstəricilərin əlavə olunması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanla BMT arasında “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.

"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Çərçivə Sənədində, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycan hökumətinə dəstək tədbirləri də yer alır. Bu istiqamətdə, xüsusilə uzun sürən münaqişənin dağıdıcı təsirinə məruz qalmış bölgələrin minalardan təmizlənməsində BMT-nin ixtisaslaşmış qurumları ilə uğurlu əməkdaşlıq edilir. Ötən il BMT-nin İnkişaf Proqramının ölkə nümayəndəliyi ilə birgə məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün minatəmizləmə ilə bağlı layihənin icrasına başlanılıb", - deyə nazir müavini qeyd edib.

Sahib Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin minalarla çirkləndirilməsi bərpa və yenidənqurma prosesini ləngidir, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına ciddi maneə olur, kənd təsərrüfatı, təhsil, turizm, ərzaq təhlükəsizliyi, məşğulluq kimi bir çox sahələrin inkişafına mənfi təsir etməklə DİM-lərə nail olmaqda çətinlik yaradır: "Şübhəsiz ki, qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi vacibdir. Məhz bu məqsədlə dövlətimizin başçısı tərəfindən minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü irəli sürülüb. Maarifləndirmə üzrə bu il həyata keçiriləcək Fəaliyyət Planına da bu istiqamətdə yerli və beynəlxalq tədbirlərin görülməsi məsələləri daxil edilib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.