İDMAN
DİNARA GİMATOVA GÜRZLƏRLƏ HƏRƏKƏTLƏRDƏ BÜRÜNC MEDAL QAZANMIŞDIR
Müsabiqədən kənar yarışların iştirakçıları arasında ən yüksək nəticələrə qazaxıstanlı Mayya Zaynullina nail olmuşdur. O, çıxışlarının yekunlarına görə 76,950 bal toplamışdır. Azərbaycan gimnastları Dina Qorina və Valeriya Yeqay ikinci və üçüncü yerləri tutmuşlar.
Bir gün əvvəl olduğu kimi, yenə də “B” qrupunda Azərbaycan gimnastı Anna Qurbanova fərqlənmişdir. O, gürzlərlə hərəkətlərdə 23,200 bal, lentlərlə hərəkətlərdə 20,900 bal qazanmışdır. Bu qrupda ikinci yerə yunan Teodora Palliduo çıxmışdır.
“A” qrupunda yenə də rusiyalı Alina Kabayeva lider olmuşdur. Azərbaycan yığmasının lideri Dinara Gimatova, habelə səhər “B” qrupunda uğur qazanmış Anna Qurbanova 8 finalçı sırasına çıxmışlar. Rusiyalı İrina Çaşşina zədələndiyindən mübarizəni dayandırmalı olmuşdur. Ona görə, doqquzuncu yeri tutan ispaniyalı Cennifer Kolina topladığı balların yekunlarına əsasən finala çıxmışdır.
Gürzlərlə təmrinlərdə yarışın finalında qızıl medalı Alina Kabayeva (26.250 bal), gümüş medalı qazaxıstanlı Aliyə Yusupova (24.600), bürünc medalı həmyerlimiz Dinara Gimatova (24.200 ) qazanmışlar.
Lentlə hərəkətlərdə birinci yerə yenə də Alina Kabayeva (25.750), ikinci yerə Aliyə Yusupova (24.750), üçüncü yerə rusiyalı Olqa Kapranova (23.750) çıxmışlar.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva yarışların gedişini izləyirdi.
Bədii gimnastika üzrə Dünya kubokunun Azərbaycan paytaxtında artıq ikinci dəfə uğurla keçirilən mərhələ yarışları aprelin 25-də başa çatacaqdır.