CƏMİYYƏT
DİN Baş Dövlət Yol Polisi İdarəsi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.
Mövzulara uyğun digər sənət nümunələri də müsabiqə üçün təqdim edilə bilər.
Müsabiqədə 7-16 yaşlı şəxslər iştirak edə bilərlər. Təqdim ediləcək əsərlər geri qaytarılmayacaq və müəyyənləşdirilmiş mövzular üzrə olmalıdır. İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda təqdim etdiyi əsər müsabiqəyə buraxılmayacaq. Bir müəllif müsabiqəyə iki və daha artıq əsər təqdim edə bilər. İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ küncü tövsiyə olunur) adını və yaşını qeyd etməlidir. Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən yaradılmasına əsaslı şübhələr olduqda əsər müsabiqəyə buraxılmayacaq.
Əsərlər oktyabrın 11-dən noyabrın 11-dək qəbul ediləcək. Qaliblər noyabrın 22-də müəyyən olunacaq.
Müsabiqəyə təqdim olunacaq əsərlər mövzunun əhatə olunması, üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, qərəzsizlik və məsuliyyət, ictimai maraqların müdafiəsi meyarları üzrə seçmə üsulu ilə qiymətləndiriləcək və ilk üç yerin qalibləri müəyyən olunacaq.
“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda müsabiqəyə rəsm və ya digər sənət nümunələrinin əsli təqdim edilməlidir. Yaradıcılıq işləri poçt vasitəsilə və ya hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır. Müsabiqəyə təqdim edilmiş əsərlərin fotosu Baş Dövlət Yol Polisi İdarəsinin [email protected] elektron poçt ünvanına göndərilməlidir.
İştirakçılar müraciət zamanı şəxsiyyət vəsiqəsinin surətini, yaşayış ünvanı və əlaqə vasitələri, eləcə də təhsili, ictimai fəaliyyəti və s. haqqında məlumatı da təqdim etməlidirlər.
Müsabiqənin qalibləri Fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar. Müsabiqənin yekun nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə ediləcək. Seçilmiş əsərlərdən ibarət toplu albom şəklində nəşr olunacaq.
Ünvan və əlaqə vasitələri: AZ 1117, Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4. web: www.dyp.gov.az
Tel: +994 12 590-81-34; faks: +994 12 498-02-17; e-mail: [email protected]