İDMAN


DİN İdman Cəmiyyətinin yetirmələri ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edirlər

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın idman tarixinə zəfərlər yazan, bayrağımızı dünyanın bir çox dövlətlərində ucaldan idmançılar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da var. Ən güclü rəqiblər kimi tanınan idmançı əməkdaşların qalibiyyət və hünər yolu davam edir, onların yüzlərlə davamçısı yetişir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətinin əməkdaşı, Əməkdar məşqçi Hikmət Hacıyev Azərbaycanın idman cəmiyyətləri və klubları arasında kikboksinq üzrə ən çox dünya və Avropa çempionlarının bu idman ocağında yetişdiyini deyib. Onların arasında polis əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının üstünlük təşkil etdiklərini vurğulayan H.Hacıyev bildirib: “Bu nəticələr həm də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının daxili işlər orqanlarında daha səmərəli təşkilinin, idmançı əməkdaşlara yaradılan hərtərəfli şəraitin əyani təzahürüdür. Hər birimiz bu qayğıya cavab olaraq, etimadı doğrultmağı özümüzə şərəf, borc bilirik. Bu həm də DİN-in İdman Cəmiyyətində təlim-məşq prosesinin yüksək səviyyədə təşkilindən, təlimlərin daha səmərəli olmasından xəbər verir”.

Qeyd edək ki, respublikada yeniyetmələr və gənclər arasında kikboksinqin WAKO (World Association of Kickboxing Organization) versiyası üzrə ən çox medal qazanan idmançılar H.Hacıyevin yetirmələridir. Son on ildə DİN-in təmsilçiləri ölkəmizə 10-u qızıl, 17-si gümüş, 26-sı bürünc olmaqla ümumilikdə 53 medal gətiriblər.

Bu yaxınlarda Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatında yığma komandamızın tərkibində döyüşən DİN İdman Cəmiyyətinin təmsilçiləri bu yarışda da uğurla çıxış ediblər. Hikmət Hacıyevin yetirmələrindən Ramal Aslanov 71 kiloqramadək idmançılar arasında finaladək irəliləyərək gümüş, Ruslan Musayev (65 kq) bürünc medal qazanıblar.

Bu yarış Əməkdar məşqçi H.Hacıyev üçün də uğurlu olub. Belə ki, o, 94 kiloqramdan yuxarı çəki dərəcəsində idmançıların yarışında fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Həmin yarışda İdman Cəmiyyətinin yetirməsi olan Aydın Ağabəyov beynəlxalq dərəcəli hakim adına layiq görülüb və daha mötəbər yarışlarda hakimlik etmək üçün dəvət alıb.

H.Hacıyev gənclərin narkomaniyadan və pis vərdişlərdən uzaq durması, onları sağlam gələcəyə ruhlandırmaq üçün idman yarışlarının keçirilməsinin vacibliyini xüsusi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.