CƏMİYYƏT


DİN: İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıblar

Bakı, 23 fevral, AZƏRTAC

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları fevralın 22-də “Niva” markalı iki avtomobili saxlayıblar. Yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildiriblər. Lakin polisin tələbinə əsasən onlar heç bir rəsmi sənəd təqdim etməyərək, israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər. Onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.

İlkin araşdırmalarla müəyyənləşdirilib ki, xüsusi geyim formasında olan həmin şəxslər – Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq, əldə etdikləri xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad edilmiş ərazilərə keçmək niyyətində olublar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunub və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.