CƏMİYYƏT
DİN: Ötən gün 213 toy şənliyinin monitorinqi aparılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 3-də Bakıda və respublikanın digər ərazilərində 213 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 206 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə səkkiz nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, iki şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. COVID-19 pasportu olmadığına görə 105 nəfər toy şənliklərinə buraxılmayıb.