CƏMİYYƏT
DİN: Polis şöbəsində qəfil halı pisləşən şəxs xəstəxanada ölüb

Bakı, 31 may , AZƏRTAC
Mayın 30-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, ondan 5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.
Bu gün narkotik aludəçisi Samir Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi səylərə baxmayaraq, o, xəstəxanada ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə cəsədə baxış keçirilib. İlkin xarici müayinə zamanı cəsəd üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.