CƏMİYYƏT


DİN: Qəbələ meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyatlar keçirilib VİDEO

Bakı, 7 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı daha bir əməliyyat keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qəbələ rayonundakı meşə sahələrində qiymətli ağac növlərinin qanunsuz kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə hərtərəfli araşdırılıb və nəzarətə götürülüb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Qəbələ rayonunun Bum və Həmzəli kəndlərinin ətrafındakı meşə massivlərindən ümumilikdə 62 fıstıq ağacının kəsildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalar zamanı həmin ağacların Qəbələ rayon sakinləri Adil Cabbarov və Qasım Qasımovun başçılıq etdiyi dəstə tərəfindən kəsildiyi məlum olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxslər və onlara ağacların kəsilməsində yaxından kömək edən dəstənin digər üzvləri saxlanılıb. Adil Cabbarov və Qasım Qasımov, eləcə də qeyrilərinin qanunsuz əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları yaş halda kəsiblər və onlar həmin oduncaqların satışını təşkil etmək istəyiblər.

Faktlarla bağlı Adil Cabbarov və Qasım Qasımov barələrində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində əli olan dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.