CƏMİYYƏT


DİN Vətən müharibəsi qazilərinin bir qrupunun polis bölməsinə dəvət olunması ilə bağlı məlumat yayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Vətən müharibəsinin iştirakçısı olan bir qrup şəxs Ziya Bünyadov prospektinin kənarında yerləşən “Azərenerji” ASC-yə məxsus yüksək gərginlikli hava xəttinin mühafizə zonasında yerləşən əraziyə daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa cəhd ediblər. Onların bu hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlar ərazidən uzaqlaşdırılıblar.

AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavabında deyib.

E.Zahidov bildirib ki, həmin şəxslər bu xəbərdarlığa etiraz əlaməti olaraq nəqliyyatın sıx hərəkətdə olduğu Ziya Bünyadov prospektini bağlamağa da cəhd göstəriblər. Onların bu cəhdinin də qarşısı polis əməkdaşları tərəfindən alınıb. Qeyd olunanlarla əlaqədar oktyabrın 28-də həmin şəxslər profilaktiki söhbət aparılması və araşdırma məqsədilə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə dəvət olunublar. Onlar polis bölməsində qazi adına yaraşmayan, Vətən müharibəsi iştirakçısı kimi müqəddəs ada xələl gətirən hərəkətlər edərək əsassız səs-küy yaradıb, yüksəkdən danışaraq ətrafdakı insanların diqqətlərini özlərinə çəkməyə çalışıblar. Həmin şəxslər guya polis bölməsində döyüldüklərini, fiziki təzyiqlərə məruz qaldıqlarını bildirərək qazi adına xələl gətiriblər. Halbuki onlara polis bölməsində nəinki fiziki güc, hətta yüksək səs tonu ilə də danışılmayıb.

“Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. Bununla belə hər bir kəs, o cümlədən hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir. Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir.

Torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük Qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa bir daha çağırırıq. İnanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq”, - deyə E.Zahidov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.