CƏMİYYƏT


DİN əri tərəfindən öldürülən qadınla bağlı bəzi əsassız iddialara cavab verib

Bakı, 3 avqust, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbirlərin görülməməsi ilə əlaqədar sosial şəbəkələrdə yer alan, hüquqi və rəsmi əsası olmayan iddialara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə səsləndirilən iddialarla bağlı AZƏRTAC-a açıqlamasında deyib ki, cari il martın 26-da Xəzər rayonunun Zirə qəsəbəsi, südçülük-tərəvəzçilik sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb. Törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək, cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.

“Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq, bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub. Lakin o, bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib”, - deyə E.Hacıyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.