CƏMİYYƏT


DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində vakant kiçik rəis heyəti vəzifələrinə müsabiqə elan edilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın Şəki və İmişli “ASAN xidmət” mərkəzlərində ümumilikdə 36 (Şəki “ASAN xidmət” mərkəzi 18, İmişli “ASAN xidmət” mərkəzi 18) vakant yer tutmaq məqsədilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Şəki, Oğuz, Qax, İmişli, Saatlı və Beyləqan rayonlarında daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək. Onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2018-ci il iyunun 27-dən iyulun 27-dək iş günlərində saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Bakı şəhəri, R.Behbudov küçəsi 130 ünvanında yerləşən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və əmək kitabçasını (olanlar üçün) təqdim etməlidirlər.

Əlavə məlumat üçün əlaqə telefonu (012) 590-64-41 və (012) 590-64-31 (312, daxili).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.