CƏMİYYƏT
DİN-in İdmаn Cəmiyyətində sambo yarışı keçirilib
Bakı, 8 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İdmаn Cəmiyyətində sambo yarışı keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın açılış mərasimində çıxış edən Cəmiyyətin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova Azərbaycan Respublikasının hazırda öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşadığını deyib. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idman ictimaiyyətinə yüksək diqqət və qayğı göstərib, hamını bu sahədə problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə səfərbər edib. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi bu gün göz önündədir. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının diqqəti idmançılarımızı yeni qələbələrə səsləyir.
Cəmiyyətin sədr müavini, polis polkovniki Elçin Rüstəmov diqqətə çatdırıb ki, təmsilçilərimiz qatıldıqları mötəbər yarışlarda daim yüksək nəticələr qazanıblar. Sevindirici haldır ki, onlar bu uğurları Azərbaycan Polisinin 100 illiyi ərəfəsində keçirilən yarışlarda da təkrarlayıblar.
Sambo yarışında ərazi polis orqanlarını, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komanda hesabında ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsinin, Əlahiddə Çevik Polis Alayının və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları qərarlaşıblar.
Fərdi yarışlarda Kamal Məmmədli (62 kq), Elvin Dövlətov (68 kq), Hüseyn Heydərov (74 kq), Azər Fətullayev (82 kq), Bəxtiyar Abbasov (90 kq), Vüqar İsmayılov (100 kq) və Seymur Rzayev (100 kq-dan yuxarı) yarışın baş mükafatını qazanaraq çempion olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.