CƏMİYYƏT


DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır

Bakı, 22 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin müəllim-komandir heyəti, növbəti tədris kursunun məzunları və xidmətə yeni qəbul olunmuş dinləyicilər ilə görüş keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir R.Usubov Prezident İlham Əliyevin gənc kadrların hazırlanması və irəli çəkilməsi işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında bunun gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb, tədbirin bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Nazir müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi proseslər, ölkədə yaranmış vətəndaş qarşıdurması, Ermənistanın təcavüzü, partiya mənsubiyyətinə, şəxsi münasibətlərinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz insanların qəbul edilməsi, kriminogen durumun nəzarətdən çıxması barədə danışıb, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti ilə bağlı köklü hüquqi-demokratik islahatların həyata keçirildiyini, qanunvericilik bazasının yaradıldığını, cinayətkarlıqla qətiyyətli mübarizənin əsasının qoyulduğunu, sabitliyin bərqərar edildiyini diqqətə çatdırıb. General-polkovnik R.Usubov bildirib ki, bu siyasət hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurla davam etdirilir, Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl, məqsədyönlü addımlar atılır.

Daxili işlər naziri gənc polis əməkdaşlarını təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzulayıb, onlara daim üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin keşiyində möhkəm dayanmalarını, peşəkar həmkarlarının təcrübəsindən bacarıqla yararlanmalarını tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.