CƏMİYYƏT
DİN narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yanvarın 1-dən indiyədək 6647 cinayət faktı aşkarlayıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində cari il yanvarın 1-dən indiyədək 6647 cinayət faktı aşkarlanıb. Bu faktlar üzrə 4296 nəfər cinayət məsuliyyətinə cəlb olunaraq barələrində qətimkan tədbirləri seçilib.
Bu barədə DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib.
Elşad Hacıyev qeyd edib ki, bu il ümumilikdə 2 ton 789 kiloqram narkotik vasitə, 231 kiloqramdan çox psixotrop maddə, 52 ton 245 kiloqram çəkidə kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılması təmin olunub. Əməli sübuta yetirilən heç bir şübhəli, saxlanılan, tutulan, təqsirləndirilən şəxs təhqiqat və istintaqdan kənarda qalmayıb. Onların hər biri barəsində adekvat cəza tədbirləri icra olunmaqla törətdiyi cinayətə görə cəzanın labüdlüyü təmin edilir.
“Sosial şəbəkə seqmentlərində “filankəs tutuldu, bir neçə gün sonra sərbəst buraxıldı” kimi müxtəlif səpkili fikirlər yayılır. Bu iddialar, “azadlıqdayam” görüntüsü yaradan şəxslər tərəfindən, yaxud xaricdən idarə olunan “feyk xəbər”lərdə qəsdən tirajlanan informasiyalardır və cəmiyyətdə çaşqınlıq yaratmağa, polisin və digər hüquq-mühafizə orqanlarının, məhkəmələrin bu istiqamətdə apardığı genişmiqyaslı tədbirləri kölgələmək məqsədi daşıyır.
Narkotiklə əlaqəli istintaq olunan şəxslər barəsində prosessual məcburiyyət tədbirləri çərçivəsində həbs, polisin nəzarəti altına vermə, başqa yerə getməmək barədə iltizam, nəzarət altına vermə və digər qətimkan tədbirləri seçilməklə onların hərəkəti elektron qolbaqla 24 saat izlənilir”, - deyə şöbə rəisi əlavə edib.