CƏMİYYƏT
DİN sanitar-gigiyena və karantin qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara çağırış edib
Bakı, 19 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) sanitar-gigiyena və karantin qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara çağırış edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir. Bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir. Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə özünü, yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır.
İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər.
Təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur.
“Bir sıra dövlətlərdə pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirilir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219, Almaniyada 307, Böyük Britaniyada, Fransada 276, ABŞ-da 510-550 manat məbləğində cərimələnirlər. Elə ölkələr də var ki, orada daha yüksək cərimələrlə yanaşı, 30 sutkalıq həbs də tətbiq edilir.
Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik”, - deyə nazirliyin məlumatında bildirilir.