ELM VƏ TƏHSİL
DİPLOMATİK ƏLAQƏLƏRİN 10 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
Aprelin 13-də Bakı Slavyan Universitetində Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyinə həsr olunmuş bədii gecə keçirilmişdir.
Tədbiri universitetin rektoru, professor Kamal Abdullayev giriş sözü ilə açaraq, son 10 ildə müstəqil Azərbaycanla Rusiya arasında inkişaf edən əməkdaşlıqdan, o cümlədən elm və təhsil sahəsində əlaqələrdən, əldə olunmuş uğurlardan danışdı. Rektor eyni zamanda ölkələrimiz arasında tələbə-müəllim mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğuladı.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov çıxışında iki ölkə arasında diplomatik əlaqələrin 10 illiyinin geniş qeyd olunmasından məmnun qaldığını bildirdi. Səfir xüsusilə Azərbaycan və Rusiya prezidentlərinin son görüşlərini xatırladaraq, əməkdaşlığın genişləndirilməsində bunların müstəsna əhəmiyyətini vurğuladı. O, Rusiya ilə Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu söylədi.
Tədbirin sonunda universitet tələbələrinin ifasında bir sıra xalqların mahnıları səsləndirildi.