İQTİSADİYYAT
DİVİDENTLƏRİN VERGİDƏN AZAD OLUNMASI ƏHALİNİN BANKLARA OLAN İNAMINI ARTIRACAQ
Lotereya və istqraz uduşlarının, bank əməliyyatlarına görə dividentlərin vergidən azad olunması əhalinin banklara inamını artıracaqdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu addım həm də əmanətlərin daha çox yerli banklarda yığılmasına şərait yaradacaqdır. İndiyədək banklardakı əmanətlərə görə dividentlərin vergiyə cəlb olunması bir sıra narazılıqlar yaradırdı. Dividentlərin vergidən azad edilməsi əhalinin sosial vəziyyətini də yaxşılaşdıracaqdır.
Banklara inamın ilbəil artdığını vurğulayan komissiya sədrinin sözlərinə görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki illərlə müqayisədə təqribən 40-45 faiz artmışdır və 1 trilyon manatdan çoxdur.