CƏMİYYƏT


DMX Azərbaycanda olan, yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bakı, 6 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə növbəti dəfə müraciət edib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 avqust tarixli Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin 2020-ci il avqustun 31-i saat 00:00-dək uzadıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, bu rejim Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərini, həmçinin Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl və Salyan rayonlarını əhatə edir. Bu müddətdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək. Qaydalarla https://migration.gov.az/press/news_content/14090 linki vasitəsilə ətraflı tanış olmaq mümkündür.

Yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv edilir. Hərəkət məhdudiyyətinin aradan qaldırılmasını nəzərə alaraq, müvəqqəti və daimi yaşama icazələrinə müraciət zamanı qanunvericiliklə tələb olunan bütün sənədlərin (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməsi zəruridir.

Karantin müddətində DMX-nin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (avqustun 8-də və 9-da, 15-də və 16-da, 22-də və 23-də, 29-da və 30-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 30-90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.