REGİONLAR


DMX Lənkəranda vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı tədbir keçirib

Bakı, 28 iyul, AZƏRTAC

Vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Miqrasiya Xidməti müntəzəm olaraq tədbirlər keçirir.

Növbəti regional tədbir Lənkəranda təşkil edilib. Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin səlahiyyətli şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, təhsil işçiləri, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

AZƏRTAC Dövlət Miqrasiya Xidmətinə istinadla bildirir ki, tədbir iştirakçılarına DMX-nın fəaliyyət istiqamətləri, vətəndaşlıq məsələlərinin həllində Xidmətin üzərinə düşən vəzifələr və vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda müəyyən edildiyi kimi, son beş il ərzində fasiləsiz olaraq respublika ərazisində qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Diqqətə çatdırılıb ki, 2018-ci ilin 6 ayı ərzində əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ölkə vətəndaşlığına qəbul ilə bağlı dövlət Miqrasiya Xidmətinə 320 müraciət daxil olub və onlardan 58-i Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Vətəndaşlığa bərpa ilə bağlı 7 müraciət daxil olub, onlardan 2-si ölkə vətəndaşlığına bərpa edilib. Xidmətə şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı edilən 13.341 müraciətdən 11.804-ü Azərbaycan Respublikasının vətəndaşı sayılıb, 1.600-ü ölkə vətəndaşı sayılmayıb, tələb olunan sənədlər təqdim olunmadığından 991-nin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi mümkün olmayıb.

Tədbirdə Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.