CƏMİYYƏT
DMX pandemiya dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətləri elektron qaydada təqdim edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Regional Meneceri Violeta Vaqnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə videoformatda görüş keçirib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətlə MSİBM arasında mövcud əməkdaşlığın vəziyyətinin müzakirə olunduğu görüşdə Vüsal Hüseynov Mərkəzlə tərəfdaşlıq çərçivəsində hazırda icrası davam etdirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə fikirlərini bölüşüb.
Xidmət rəisi vətəndaşlarımızın cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsi məqsədini daşıyan “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Bununla yanaşı, MSİBM-in dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yerdəyişmə üzrə tərəfdaşlığın icrasına dəstək (MOBİLAZE)” layihəsinin davamı olaraq miqrasiya idarəçiliyi sahəsində mövcud prioritetlərə uyğun hazırlanmış və icrası planlaşdırılan “Miqrasiya və sərhəd idarəçiliyi üzrə texniki və institusional bacarıqların artırılması (ETİMAD)” adlı layihənin də önəminə toxunub.
Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlara və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlərə diqqəti çəkən Vüsal Hüseynov pandemiyanın ilk günlərindən DMX tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən elektron xidmətlərin mövcud tələbata uyğunlaşdırıldığını, bütün xidmətlərin elektron qaydada həyata keçirilərək optimallaşdırıldığını bildirib.
Violeta Vaqner səmərəli əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə Xidmət rəisinə minnətdarlığını bildirib, mövcud və gələcək layihələrin icra vəziyyəti barədə yenilənmiş məlumatları diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.