CƏMİYYƏT


DMX rəhbərliyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı, 7 fevral, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Palataya üzv şirkətlərin nümayəndələri, azərbaycanlı və almaniyalı iş adamları iştirak ediblər.

DMX-nin rəisi Vüsal Hüseynov tədbirin təşkilində Palatanın icraçı direktoru, təşkilatın İdarə Heyətinin üzvü Tobias Baumanna təşəkkürünü bildirərək dövlət ilə özəl sektor arasında dialoqun inkişafına töhfə verən və artıq ənənə halını almış belə görüşlərin əhəmiyyətini vurğulayıb. Son zamanlar miqrasiya qanunvericiliyində aparılmış dəyişikliklərin üstünlüyünü qeyd edən Xidmət rəisi bu sahədə mütəmadi olaraq təhlillərin aparıldığını, dünyada cərəyan edən proseslərin izlənildiyini, ölkəmizdə miqrasiya siyasətinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun tənzimlənməsi üçün gələcəkdə də yeni təkliflərin veriləcəyini deyib. Dövlətimizin başçısının turizmin inkişafını daim diqqətdə saxladığını, son zamanlar bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu, turizm, əmək miqrasiyası və investisiya nöqteyi-nəzərindən cəlbediciliyin artırılması məqsədilə miqrasiya qaydalarının və viza tələblərinin sadələşdirildiyini vurğulayan Xidmət rəisi bu sahədə şəffaflığın təminatında bir sıra işlərin görüldüyünü, o cümlədən elektron xidmətlərin çeşidinin artırıldığını və innovativ layihələrin həyata keçirildiyini bildirib.

“ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirməsində Dövlət Miqrasiya Xidmətinin mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticə (68,98 faiz) göstərdiyini söyləyən Vüsal Hüseynov xidmət tərəfindən mütəmadi maarifləndirmə və təbliğat-təşviqat işlərinin aparılmasını, MİGAZ mobil tətbiqinin istifadəyə verildiyini də diqqətə çatdırıb.

Sonra Xidmət rəisi Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv şirkətlərin nümayəndələrinin və iş adamlarının suallarını cavablandırıb, bir sıra məsələləri müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.