CƏMİYYƏT
DOST Agentliyi ilə Kooperasiya Universiteti arasında Anlaşma memorandumu imzalanıb
Bakı, 17 mart, AZƏRTAC
DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev imzalayıblar.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması sahəsində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapıb.
Razılaşma çərçivəsində Kooperasiya Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin olunacaq.
Bununla yanaşı, agentliyin əməkdaşları universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.